Ordu.az olaraq bu cür mövzulara müraciət edir, doğma yurdlarına köçürülən soydaşlarımızla olan söhbətlərimizi Sizə çatdırırıq. Bu yazımızda isə Sizə əməkdaşımızın Ağdərə rayonu Talış kəndinə səfəri zamanı müşahidə etdiyi mənzərənin təəssüratlarını təqdim edirik.

Talış kəndinə budəfəki səfərimiz deyərdim ki, mənim üçün, xüsusi əhəmiyyət kəsb edir. Bu kəndə hər dəfə səfər edəndə 2020-ci il 4-5 oktyabr tarixini xatırlayıram. Hələ Suqovuşan uğrunda döyüşlərin getdiyi bir vaxtda Talış kəndinə daxil olan ilk media nümayəndəsi olaraq hazırladığım xəbər materialları, bir çox həmkarlarımı qısqandıracaq effekt yaratmışdı. Həmkarım Anar Şuşalıyla Talış kəndinə qədər gəlməyimizin əsas məqsədi əsgərlərimizin ruh yüksəkliyinin daha real şahidi olmaq və bu barədə fərqli xəbər reportajları hazırlamaq üçün sıfır nöqtəsində döyüşləri canlı müşahidə etmək olub. Burada keçirdiyimiz bir neçə saatlıq vaxtın tam təfərrüatlarını yazmasam da, onu deyə bilərəm ki, aradan ötən qısa müddət ərzində şahidi olduğumuz cəhənnəm mənzərəsinin indi cənnətə çevrilməsi mənim üçün başqa bir xoş hisslər yaradır. Məsələnin digər tərəfi isə ondadır ki, bu dəfə Talış kəndi barədə yazdığım təəssüratlarımda Ağdərə sözünü keçmiş zaman şəkilçisində yox, artıq ürəkli olaraq və böyük bir fəxarətlə iri hərflərlə AĞDƏRƏ rayonu yazacaqdım.
Artıq Talış kəndindəyəm. Onsuz da Talışa qədər olan yolların müasir tələblər səviyyəsində inşa edilməsi, kənddə digər infrastruktur layihələrinin də yüksək səviyyədə həyata keçirilməsindən xəbər verir. Kəndin girişindən başlayaraq gördüyümüz hər bir tikili, cəhənnəm səhnəsində cənnət tablosunun yaradılması obrazına bənzəyir. 3 il öncə və bu müddətdən ötən dövrdə kənddə şahidi olduğumuz atəş səslərini körpələrin səs-küyü, xarabalığa çevrilən evləri isə yeni və müasir binalar əvəz edib. Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və sakinlərin doğma torpaqlarına qayıdışı köksü yaralı olan doğma yurdlarımıza yenidən nəfəs verir.

1991-1994-cü illər ərzində gedən müharibə zamanı onsuz da Talış kəndində olan evlər və inzibati binalar atılan mərmilərin partlaması nəticəsində ya tamamilə dağıdılıb, yada istifadəyə yararsız hala düşmüşdü. Yaşayış üçün az sayda yararlı evlər isə 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdi. İndi burada aparılan quruculuq işləri zamanı zövqlə inşa edilmiş tikililər ilk andan diqqət çəkir. Birinci mərhələdə Talış kəndində hər birinin həyətində yardımçı tikilisi olmaq şərtilə 20 ev, 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa edilərək yenidən qurulub.
Ümumi uzunluğu 4 kilometr olan kənddaxili yolların 800 metr hissəsi təbii daşlardan qurulub. Bu da dağ relyefində inşa edilən Talış kəndinin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Kəndin relyefinə uyğun olaraq yaşıllıqlar salınıb, xüsusi ayrılan yerlərə gül kolları, dekorativ ağaclar əkilib.
Bir sözlə Talışda hər ötən gün həyat öz axarına düşür. İndi bura köçürülən sakinlər daha humanitar yardımlar hesabına deyil, gündəlik qayğıları ilə məşğul olurlar. İndi kənddə insanlar çal-çağırı, mini meydançada topla oynayan uşaqların səs-küyü kəndin ümumi mənzərəsinə xoş ahəng qatırdı.

Yamaclarda otlayan mal-qara əsl kənd həyatının gözəlliyini əks etdirir. Yeni ilin gəlişi münasibətilə inzibati binanın qarşısında qurulan bayram yolkası hələ də söklüməyib. Yolka ətrafında gəzişən uşaqlar, hələ də bayram abu-havasını yaşayırlar. Bir sözlə, Talışda həyat öz axarı ilə davam edir.
Qazanılan zəfərdən sonra erməni işğalçılarının 30 il ərzində dağıdaraq yer üzündən sildiyi şəhər və kəndlər yenidən qurulur. Uzun bir fasilədən sonra Ağdərə rayonunun ilk bərpa olunan kəndi Talışa növbəti mərhələdə 158 ailənin köçürülməsinə hazırılıq işləri gedir. Ağdərə rayon ərazisi terrorçulardan tam təmizləndikdən sonra rayonun bir neçə kəndi köçürülmək üçün potensial şərait olduğundan bu kəndlərə də tezliklə köçürülmələr gözlənilir. Bir sözlə, Talışda görülən hər bir iş növbəti kəndlərin də bərpa olunması ilə köçürülmənin tezliklə reallaşmasından xəbər verir.
Daşqın Güneyli
Ordu.az